Əsas məzmuna keç

Qəzəl

Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm

Məhəmməd Füzuli

1

Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm, Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm.

Kakilin tarinə peyvənd etmişəm can riştəsin, Başın üçün, bir tərəhhüm qıl ki, sərgərdaninəm.

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə, Neylərəm mey nəş’əsin, mən kim, sənin heyraninəm.

Şanəvəş yüz navəki-qəm sancılıbdır canimə, Ta əsiri-həlqeyi-geysuyi-mişkəfşaninəm.

Əl çəkib, qət’i-nəzər qılmış əlacımdan təbib, Bildi guya kim, xərabi-nərgisi-fəttaninəm.

Canə meylin var isə, hökm eylə, təslim eyləyim, Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm.

Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü, Arizuməndi-rüxi-alü ləbi-xəndaninəm.

Qan edib bağrım, işim ah etmə hər dəm, ey fələk, Hörmətim tut bir-iki gün kim, sənin mehmaninəm.

Ey Füzuli, atəşi-ah ilə yandırdın məni, Qaliba sandın ki, şəm’i-külbeyi-əhzaninəm.

Lüğət: Navək – ox; Tərəhhüm – rəhm etmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.