Əsas məzmuna keç

Qəzəl

Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!

Məhəmməd Füzuli

1

Ey, hər təkəllümüm xəti-səbzin hekayəti! Virdim həmişə müshəfi-rüxsarin ayəti!

İrmiş səhih nəql ilə ərvahi-qüdsdən, İsayə mö’cizi-ləbi-lə’lin rəvayəti.

Dil kişvərini qarət edərlərdi xublər, Mən’ etməsəydi şəhneyi-şövqün himayəti.

Bildim təriqi-eşq xətərnakdir, vəli Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.

Qəddin həlakiyəm, düşə bilmən əyağinə, Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti.

Bəs kim, səni görəndə gedər məndən ixtiyar, Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.

Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr, Kim, əhli-eşqə cövrdür onun inayəti.

Lüğət: Müshəf – Quran; Ərvahi – qüds – pak, təmiz ruhlar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.