Ey həbibim, sən təki ziba camalı sevmişəm
Ey həbibim, sən təki ziba camalı sevmişəm, Əqli kamil, hüsnə bay bir doğru halı sevmişəm.
Sevmişəm bir lalə rüx, bir cadu gözlü dilbəri, Heqqeyi-mərcan tək ağzı, xəttü xalı sevmişəm.
Yüzü gül-gül, zülfi sünbül, gözləri ceyran kimi, Qaşları şol yayə bənzər ol hilalı sevmişəm.
Lə’li-meygunun sənin bir məclis içrə dəmbədəm, Saqinin çəngində ol abi-zülalı sevmişəm.
Xeyli dəmdir kim, Xətayi yarının vəsfin yazar, Birinə min dürr anın didarı, xalı sevmişəm.
Lüğət: Həbib – dost; Ziba – gözəl; Rüx – üz; Xətt – yanaq, yazı; Şol – o; Hilal – aypara; Abi – həyat – dirilik suyu; Zülal – saf su, sağlam, təmiz; Dürr – inci; Didar – görüş, üz