Əsas məzmuna keç

Qəzəl

Ey həbibim, dilbərim, vey sevgili yarım mənim

İmadəddin Nəsimi

1

Ey həbibim, dilbərim, vey sevgili yarım mənim, Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.

Ey güləndamım, gülüm, vey bülbülüm gülzar ilən, Işrətim, eyşim, tərəbim, türfə əyyarım mənim.

Rahətim, ruhum, rəvanım, can içində sənmisən, Qüvvətim, püştüm, pənahım, sirrü əsrarım mənim.

Yusifim, Misrim, Əzizim, dövlətim, başım tacı, Şəkkərü qəndü nabatım, türkü tatarım mənim.

Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilən Fikrim, əndişəm, xəyalım, varlığım, varım mənim.

Nazikim, xubum, lətifim, mehribanım, tazə gül, Munisim, canım, rəfiqim, şol vəfadarım mənim.

Sərvərim, şahım, əminimsən, humayun kölgəlim, Həm yenə səndən düzülmüş uşbu bazarım mənim.

Cənnətim, hurim, nəimim, kövsəri-mai müin, Görk içində gündən ayrı hüsnü dildarım mənim.

Kə’bəmü qibləm, sücudum qaşların mehrabıdır Üzümü döndərməzəm gər, asalar, darım mənim.

Seyyidin razü niyazı, məhrəmi sənsən bu gün, Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim.

Canımı yandırdı şövqün, ey nigarım, qandasan? Gözlərim nuru, iki aləmdə varım, qandasan?

Bağrımı qan eylədi acı fəraqın, gəl iriş, Ey ləbi vüslət şərabi-xoşgüvarım, qandasan?

Firqətin xarı məni gör kim, nə məcruh eylədi, Ey gözü nərgis, həbibi-gülüzarım, qandasan?

Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı, Ey mənim aramım, ey səbrü qərarım, qandasan?

Eylədi eşqin məni qalxan məlamət tirinə, Ey gözü, qaşı yeləkli şəhriyarım, qandasan?

Ta üzün şəm’indən iraq düşmüşəm, pərvanətək Yanaram leylü nəhar, ey nurü narım, qandasan?

Səndən ayru könlümün yoxdur vəfalı yarü dust, Ey cəfasız hüsni-kamil, yariğarım, qandasan?

Dəldi hicranın oxu eşqində yanan bağrımı, Surətü mə’nidə, ey çapüksüvarım, qandasan?

Zülfünə vermiş əmanət həq əzəldə sirrini, Ey əmanətdar, əmini-kirdigarım, qandasan?

Qatı müştaq olmuşam zülfü üzarın buyinə, Ey üzü gülşən, saçı mişki-tatarım, qandasan?

Badilən göndər saçın buyin mana hər sübhdəm, Ta ki yandım, keçdi həddən intizarım, qandasan?

Aşiqin cənnati-ədni şol camalın vəslidir, Ey şərabi-kövsərim, getməz xumarım, qandasan?

Yar üçün hər guşədə min div olur düşmən mana, Ey səvadi-ə’zəmü möhkəm həsarım, qandasan?

Çün Nəsimidir bu gün əyyami-eşqin xosrovu, Ey şəkərləb, yari-şirinruzigarım, qandasan?

Lüğət: Həbib – Dost, sevgili; Tərəb – Şadlıq; Türfə – Yeni, əcaib şey; Əyyar – Zirək, hiyləgər; Püşt – Arxa R; Əsrar – Sirlər; Qiyməti – ərzan – Baha qiymət; Əndişə – Fikir; Munis – Yaxın dost; Şol – O; Müin – Köməkçi; Şərabi – nab – Saf şərab; Məcruh – Yaralı; Məlamət – Danlaq; Leyl – Gecə; Müştaq – Həvəskar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.