Ey gül, sənə hali-dili-şeydanı deməzlər
Ey gül, sənə hali-dili-şeydanı deməzlər, Hali-dili-zari-məni-rüsvanı deməzlər.
Gördüm o siyəh türrəni rüxsaruva düşmüş, Yandım oda, bu atəşi-suzanı deməzlər.
Xəttin bilirik müshəfi-hüsnündə, nə məna, Ləfzi oxudurlar bizə, mənanı deməzlər.
Sirri-dəhəni-yarı, könül, axtar, özün tap, Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər.
Ləlin qəmi öldürdü məni, kimsə inanmaz, Can qatili aləmdə Məsihanı deməzlər.
Bimar məni etdi gözün, ikki dodağın Dərdimi bilirlər, mənə dərmanı deməzlər.
Qafildi gər ol şəm qəmindən, nə məzəmmət, Seyyid, ona suzi-dili-şeydanı deməzlər.