Ey gül, sənə əvvəldə xəridar mən oldum
Ey gül, sənə əvvəldə xəridar mən oldum, Axır nəzərində hamıdan xar mən oldum.
Aldım səni can nəqdinə, ey Yusifi-sani, Eşqində Züleyxayi-diləfkar mən oldum.
Eşqim məni əngüştnüma qıldı cahanə, Ey qaşı hilalım, sənə ta yar mən oldum.
Verdim, sənəma, ayineyi-hüsnüvə seyqəl, Aləmdə sənə rövnəqi-bazar mən oldum.
Bir Kəbə idin, hiç ziyarət edənin yox, Gəldim, dolanıb başuva zəvvar mən oldum.
Sinayi-səri-kuyüvə gəldim «ərini» gu, Ey nuri-xuda, talibi-didar mən oldum.
Hər bülhəvəsə indi nəsib oldu visalın, Seyyid kimi hicranə giriftar mən oldum.