Ey gül, nə üçün söylə görüm xarə qoşuldun
Ey gül, nə üçün söylə görüm xarə qoşuldun? Ar eyləmədinmi gedib əğyarə qoşuldun?
Qoydun məni ağlar göz ilə guşeyi-qəmdə, Yaddan çıxarıb aşiqi yadlarə qoşuldun.
Keçdim rəhi-eşqündə bütün varü yoxumdan, Yox olmağımı zənn elədün, varə qoşuldun.
Heç bir demədin noldu mənim sevgili yarım, Saldın məni gözdən yeni bir yarə qoşuldun.
Ah!.. Ah!.. Bu gözəllər nə vəfasızmış ilahi, Ey bəxt, daha sən neçin onlara qoşuldun.
İnsaf elə gör kimlərə yar olmusan ey məh, Bir mahi-tamam kimi şəbi-tarə qoşuldun.
Şən şivələrin ləzzətini özgələr aldı, Şəkkər o gülüşlərlə zəhər marə qoşuldun.
Ahim tutacaqdır səni bir gün yanacaqsan, Atdın özünü atəşə odlarə qoşuldun.
Olsan da peşiman dəxi bir faidə verməz, Çün bildi Şəfai gedib əğyarə qoşuldun.