Ey geyib gülgun, dəmadəm əzmi-cövlan eyləyən
Ey geyib gülgun, dəmadəm əzmi-cövlan eyləyən, Hər tərəf cövlan edib döndükcə yüz qan eyləyən.
Ey məni məhrum edib bəzmi-vüsalindən müdam, Qeyri xani-iltifati üzrə mehman eyləyən1.
Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb, Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən!
Bunca kim, əfğanımı, ey məh, eşitdin gecələr, Demədin bir gecə kimdir bunca əfğan eyləyən?
Nola gər cəm’iyyəti-xatirdən olsam naümid, Cəm’ olurmu xublər zülfi pərişan eyləyən?
Yar dün çəkmişdi qətlim qəsdinə tiği-cəfa, Yetməsin məqsudinə, ya rəb, pəşiman eyləyən.
Eşq dərdilə olur aşiq mizaci müstəqim, Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən.
Zahidin tə’n ilə döndərdim üzün mehrabdən, Necə bulmaz əcr min kafir müsəlman eyləyən?
Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni, Yoxmudur, ya rəb, dəvayi-dərdi-hicran eyləyən.
Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Bəzm – qonaqlıq, kef məclisi; Rəşk – həsəd, qısqanmaq; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam