Ey dust, yararmı böylə iqrar?
Ey dust, yararmı böylə iqrar? Yar olduğum idi, oldum əğyar.
Sən qeyrilər ilə üns tutdun, Bilməm niyə yarını unutdun?
Sən qeyr ilə həmzəbanü yekdil, Əmma, mənə ruzgar müşkil.
Bəsdir mənə verdiyin bu xiffət, Rəqiblər içində, bimürüvvət!
Birəhmlik etdiyin tamamdır, Bir rəhm elə kim, aman, amandır!
Bax bir fələkə, gör indi zinhar, Gör kimlər ilə edibdir iqrar?
Əfsus ki, keçdi ruzigarım, Ahım sənə çatmaz, ey nigarım!
Biganəlik etmə aşinayəm, Dərgahinə kəmtərin gədayəm.
Hər an ki, məni bu halə salmış, İndi belə qeylü qalə salmış.
Gəl rəhm qıl indi, padşahım! Əflakə yetişdi dudi-ahım.
Sən yar ilə zövqdə, səfadə, Mən burda, bu cövr ilə cəfadə.
Sən vaxtında aşinalıq etdin, Döndün, belə bivəfalıq etdin.
Təqsir kimin oldu, padşahım? Bildir ki, mənə nədir günahım?
Bəs neyləsin, indi bu dili-zar? Gör kimlər ilə çəkərdim azar.
Sən nazin ilə ol indi xürrəm, Əğyar ilə qəm çəkim dəmadəm.
Sən eyşdə əyləş indi xoşdil, Mən hicrdə, həm məlulu müşkil,
Öldür məni, olsun əllərin var, Səbr eylə, gözüm, nə təqsirim var.
Qəhr ilə çəkərdim ah candan, Ah əl çəkməyir əl bu Natəvandan.
Lüğət: Həmzəban – dilbir; Yekdil – qəlbləri bir həmrəy; Xiffət – fikir, dərd; Kəmtərin – ən əskik; Halə – işıq dairəsi, şüa; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz