Əsas məzmuna keç

Qəzəl

Ey dil, həzar şükr xəbər gəldi yardən

Seyid Əzim Şirvani

1

Ey dil, həzar şükr xəbər gəldi yardən, Olduq xilas dərdü qəmi-intizardən.

Fəsli-xəzan qəmin çəkən avarə bülbülə, Verdi səba xəbər o güli-novbahardən.

Ey məqdəmin fədası, bəlalər çəkir başım, Gəl, gəl ki, keçdi səbrü qərarım qərardən.

Et şadlıq gözüm yaşı, ol gülrüxüm gəlir, Xarü xəsi götür, kərəm et, rəhgüzardən.

Aləmdə bir gün olmadı ki, vəsli-yar ilə Bir kami-dil alam fələki-kəcmədardən.

Bilməm nə eyləyib ona eşq əhli kim, müdam, Bu çərxi-kinəvər ayırır yarı yardən.

Qoy, dönməsə müradımca çərx dönməsin, Minnət çəkən kişi degiləm ruzgardən.

Şükri-xuda ki, vadeyi-vəslində ol məhin, Şərməndə olmadım dili-ümmidvardən.

Getdi o gün ki, Seyyid, oxurdun bu misrəi: «Vahəsrəta, üzüldü əlim ol nigardən».

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.