Əsas məzmuna keç

Qəzəl

Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək!

Şah İsmayıl Xətai

1

Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək! Kim qılur lafi-hünər, meydanə xoş gəlmək gərək!

Gər Əzizi-Misri-eşq olmaq dilərsən, ey könül, Yusifi-Misri kimi zindanə xoş gəlmək gərək!

Ey könül, laf etmə kim, mə’nidə laf edən kişi Mə’rifət meydanına mərdanə xoş gəlmək gərək!

Zahida, vird eylə daim zikrü fikri-ruyi-dust, Əhli-islaməm deyən imanə xoş gəlmək gərək!

Aşiqəm dersən, könül, şərti budur aşiqlərin; Hər nə kim, cananə qılsa, canə xoş gəlmək gərək!

Ey dil, ol şəh qatinə kəndusi vəsfindən ayıt Kim, qulun hər bir sözü sultanə xoş gəlmək gərək!

Aşiqəm dersən, könül, eşq atəşindən dönmə kim, Şəm’ odinə yanmağa pərvanə xoş gəlmək gərək!

Kim ki, qərq olmaq dilər dər bəhri-eşqi-bikənar, Kəştisiz bu lücceyi-ümmanə xoş gəlmək gərək!

Ey Xətayi, şe’rini ol yar istər dinləyə, Dilrübalər guşinə dürdanə xoş gəlmək gərək!

Lüğət: Laf – söz, danışıq; Vird – bir duanı həmişə söyləmək; Zikr – anma, söyləmə; Dersən – deyirsən; Dil – ürək; Bəhr – dəniz; Kəşti – gəmi, qayıq; Dilrüba – gözəl, könülalan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.