Ey cənnətin xəndan gülü, acı fərağın xar imiş
Ey cənnətin xəndan gülü, acı fərağın xar imiş, Müştaqə dirlik sənsizin, vallah ki, çox düşvar imiş.
Sənsiz gərəkməz künfəkan, ey surəti-rəhman mana, Eşq əhlinin məqsudu çün kövnü məkandan yar imiş.
Musa təcəlli nurunu görmək təmənna eylədi, Məqsudu mə’lum olu kim, həqdən anın didar imiş.
Nəfsinlə yar ol, yarı bil, yad olma həqdən, arif ol, Şol müddəi kim, həqqilə yar olmadı, əğyar imiş.
Gər tanımışsan nəfsini, gerçək bilirsən həqqini, Həqdir səninlə, qəm yemə, neçün ki, həqqin yar imiş.
Mənsur ənəlhəq söylədi, həqdir sözü, həq söylədi, Anın cəzası qəm degil, biganədən gər dar imiş.
Qalu bəlanın əhdini unutmazam, unutma kim, Imanı tövhid əhlinin şol əhdü şol iqrar imiş.
Münkir inanmaz həqqə, gəl eyb etmə anı, fariğ ol, Şol mə’nidən kim, münkirin daim işi inkar imiş.
Tövhidə gəlməz müşrikin qəlbivü eyni əhvəlin, Sən ol müvəhhidlərdən ol, k’anlar ülül-əbsar imiş.
Gülgün yanağından mana kəşf oldu, ey bədri-düca, K’əhli vəfanın cənnəti şol bağü şol gülzar imiş.
Hər zahidin kim, təsbihi şol zülfi-pürçin olmadı, Zikri həbavü hərzədir, səccadəsi zünnar imiş.
Həq surətindən göz yumar zahid, nədəndir, bilməzəm, Şol məkri çox şeytan kimi haqdan məgər bizar imiş.
Arif qatında dünyanın miqdarı yoxdur zərrəcə, Mizana çək miqdarını, gör kim, nə bimiqdar imiş.
Nəzmi Nəsiminin yəqin Allahü nurun şərhidir, Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.
Lüğət: Xar – Tikan; Düşvar – Çətin E; Künfəkan – Kainat; Təcəlli – Əzəmətli zühur etmə; Didar – Görüş; Şol – O; Dar – Ev; Tövhid – Birlik; Münkir – İnkar edən; Fariğ – Boş, qayğısız; Müşrik – Bütpərəst; Əhvəl – Çəpgöz, əyrigöz; Bədri – müəmməm – Əmmaməli ay; Zikr – Xatırlama, söyləmə; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Nar – Od