Əsas məzmuna keç

Qəzəl

Ey cəmalındır sənin allah nurin məzhəri

Şah İsmayıl Xətai

1

Ey cəmalındır sənin Allah nurin məzhəri, Uştə beytüllah qaşın mehrabi, qəddin mənbəri.

Sən nəçük sün’i-xudasən, ey mələk yüzlü bəşər, Yüzini görgəc oxur üşşaq “Allah əkbəri”.

Ta yaratdı yer ilən gögi təala şanəhu, Görmədi heç kimsə sən tək dilbəri-məh peykəri.

Çin çərisi sanasan kim, dutdu Rum iqlimini, Ta yüzün girdinə düşdü zülfi-müşki-ənbəri.

Ruzü şəb ayü günəş girdi-fələkni dövr edən, Şəbçırağ olmuşdur, istər isən bütinin əxtəri.

Qamətin pəst eylədi sərvi çəməndə, ey sənəm, Arizin qıldı xəcil bağlarda vərdi-əhməri.

Dünyada hər kim qılur bir padşahın xidmətin, Bu Xətayi bəndədir sidq ilə şahın çakəri.

Lüğət: Nuri – rəhman – ilahi nur; Məzhər – təzahür, yetişmə; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Məh – ay; Çin – düz, doğru, qıvrım; İqlim – ölkə; Şəb – gecə; Gird – çevrə, dolanma; Əxtər – ulduz; Ariz – yanaq; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Çakər – nökər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.