Ey bilən həqqin süfatın, ismi-əsması nədir
Ey bilən həqqin süfatın, ismi-əsması nədir? Ya bu əsmadan murad olan müsəmması nədir?
Nə səbəbdəndir qəmər gah bədr olur, gahi hilal, Sirri-xurşidin əcəb, başında sövdası nədir?
Niçün olmuş mərkəzi-xaki, əcəb biçün misal, Ya bu taqi-sərnigunun səqfi-minası nədir?
Hər sənubərüzlünün üzündə xəndandır bu hal, Hər bir ahugözlünün zülfi-mütərrası nədir?
Çün ibadət həqqədir, mə’bud bir həqdir yəqin, Mö’minin bəs məscidi, gəbrin kəlisası nədir?
Zahirü batində çün mövcüd həqdən özgə yox, Ya bu mövcudatın ara yerdə qovğası nədir?
Çünki həqqin zatın isbat eyləməz ərbabi-əql, Aşiqi-həqbin ilə hər dəmdə də’vası nədir?
Ey Nəsimi, çün sənə həqdən liqadır arizu, Nari-duzəxdən nə qəm, firdövsi-ə’lası nədir?
______________________Milli Kitabxana_______________________
Lüğət: Əsma – Adlar; Qəmər – Ay; Xurşid – Günəş; Sərnigun – Çevrilmiş, başıaşağı; Həqbin – Həqiqət görən; Ariz – Üz; Duzəx – Cəhənnəm; Firdövs – Cənnət