Əsas məzmuna keç

Qəzəl

Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur

Şah İsmayıl Xətai

1

Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur. Surətin can mülkinə xurşidü mah olmuşdurur.

Eşqini könlümdə mən dəxi neçük pünhan edim? Ruyi-zərdim, əşki-sürxim çün güvah olmuşdurur.

Müddəilərdən dəxi, cana, nə fikrim var mənim, Bəndəyə çün sən kimi sultan pənah olmuşdurur.

Bağçada hüsnin gülünü bülbüli-şeyda görüb, Axdı yaşı danə-danə, bənzi kah olmuşdurur.

Hüsnini hər kim ki, gördü, valehü heyran olub, İşi anın dünyədə fəryadü ah olmuşdurur.

Çün cəmalın gördü düşmən, qılmadın ana nigah, Müddəilərinin məqami bəndü çah olmuşdurur.

Bu Xətayi yüzüni ta gördü, ey xubi-Xötən, Ol Xətavü hind elində padşah olmuşdurur.

Lüğət: Xurşid – günəş; Mah – ay; Güvah – şahid; Hüsn – gözəllik; Şeyda – vurğun; Kah – saman; Çah – quyu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.