Əsas məzmuna keç

Qəzəl

Eşq əhli ki, xali-ləbi-cananı öpərlər

Seyid Əzim Şirvani

1

Eşq əhli ki, xali-ləbi-cananı öpərlər, Ol Kəbə ara vermək üçün canı, öpərlər.

Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım, Bu sünnəti-məşhurdu, Quranı öpərlər.

Ətşan cigərim yarələri, bərqüvi görcək Bağrına basıb navəki-peykanı öpərlər.

Sağərləri sındırmağımın vəchi budur kim, Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər.

Mən ağlayıram, yatmaya ta mərdümi-aləm, Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər.

Ətfali-dəbistan güli-ruyin həvəsindən, Hərdəm açıb övraqi-«Gülüstan»ı öpərlər.

Qəmzən oxu kuyün daşına qanımı töksə, Əfvaci-məlaik gəlib ol qanı öpərlər.

Seyyid, məni uyquya verib fikrü xəyalım, Ləli-ləbüvi hər gecə pinhanı öpərlər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.