Eşitmiş gül cəfasından səhər bülbül edər əfğan
Eşitmiş gül cəfasından səhər bülbül edər əfğan, Gülü jalə edib sədparə, almışdır qisas ondan.
Tutub zülfündən istərkən çəkəm ağuşə ol yarı, Uzaqlaşsın deyə məndən, açar ilməkləri canan.
Səba çün söyləmişdir: zülfünə sünbül bərabərdir, Budur cürmü, onu zəncirə çəkmiş dalğalar hər an.
Bu özgə paltarında yox vəfa, ey sahibi-sərvət, Deyilsən gül kolundan kəm, çıx ondan, qalgilən üryan.
Nə üzlə gözləyim şəfqət o gül üzlü gözəldən kim, Kəmali-hüsnünə sanmış təğafül rəsmini bürhan.
Deyilsən aşiq, istərsən əgər qəmdən xilas olmaq, Əsiri-eşqdə olmaz belə tədbirlərə imkan.
Füzuli, çox çətindir məqsədə varmaq təvəkkülsüz, Təvəkkül damənində əl çəkib də olma sərgərdan.