Ənbər saçılır, qafileyi-ud gəlibdir
Ənbər saçılır, qafileyi-ud gəlibdir, Guya ki, genə çəngü dəfü ud gəlibdir.
Xurşid genə tale olub bürci-həməldən, Beytüş-şərəfə əxtəri-məsud gəlibdir.
Əyyami-bahar oldu, açıldı gülü lalə, Dünyayə məgər cənnəti-mövud gəlibdir?
Bütxaneyi-Şirvanə genə bir büti-ziba, Ya surəti-insanə o məbud gəlibdir.
Ol qaşı hilalım yetişib həddi-kəmalə, Bildirki ziyanın eləyib sud, gəlibdir.
Seyyid, gəlib ol gövhəri-nayab səfərdən, Gövhər saçılır, lölöi-mənzud gəlibdir.