Əsas məzmuna keç

Qəzəl

Əlif – Ə’la qamətin hər kim görər bican olur

İmadəddin Nəsimi

1

Əlif – Ə’la qamətin hər kim görər bican olur, Bey – Bəşarət buldu hər kim dilbəri sultan olur.

Tey – Təmənna vəslini etdim, niyazım uşbudur, Sey – Səna etməklik içün uş canım qurban olur.

Cim – Cümlə xubların sultanı sənsən, ey pəri, Hey – Hüsn içrə nigarım Yusifi-Kən’an olur.

Xey – Xəyalın könlümü yaxdıvü yandırdı məni, Dal – Divanə olub əz qəm ki, bağrım qan olur.

Zal – Zövqüm var ola ki, ta sənin eşqində mən, Rey – Rəvayət qıldı mana kirpiyi peykan olur.

Zey – Zavalın olmasın, canım fəda olsun sana, Sin – Səadət görsə dermən bağrım uş büryan olur.

Şin – Şərabi-ləblərini içənə yoxdur zaval, Sad – Sün’ünlə yenə kövnü məkan bustan olur.

Zad – Zəll ayı üzündür cümlə hərfi-kafi-nun, Ayn – Aləm xəlqi mana sənsizin düşman olur.

Ğayn – Ğarət qıldı barca ləşkəri can şəhrini, Fey – Fəraqın yaxdı oda, uş könül giryan olur.

Qaf – Qüvvət qalmadı artıq tənimdə taqətim, Kaf – Kafir gözlərin kim Rüstəmi-dəstan olur.

Lam – La yoxdur könüldə doğdu eşqimdən əzəl, Mim – Müsəlsəl kirpiyindir oxları pərran olur.

______________________Milli Kitabxana_______________________

Nun – Necə baxdım mən əndər rövşənayi boyuna, Vav – Vallah sənsizin cənnət mana zindan olur.

Hey – Həvəslənib dilərmən şol qəmərtək üzünü, Lam əlif – La dolğunub baxsam cahan viran olur.

Ey Nəsimi, eşq ilə ayıtdın qəzəlni yar üçün Yey – Yanağın güllərinə cümlə can heyran olur.

______________________Milli Kitabxana_______________________

Lüğət: Büryan – Yanmış C; Şərabi – nab – Saf şərab; Ləşkər – Qoşun; Giryan – Ağlar; Əndər – Içində; Şol – O; Yey – Yaxşı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.