Əsas məzmuna keç

Qəzəl

Əlif – Allah, sidrə boyun münəhadır müntəha

İmadəddin Nəsimi

1

Əlif – Allah, sidrə boyun münəhadır müntəha, Çün cəmalındadır ərrəhman ələl-ərş istiva.

Bey – Bilindi qəddinin həddi nə miqdar olduğu Bildilər kim, tuləhu sittun zə’rən fissəma.

Tey – Türabilər əlində Zülfiqar şəmşirü tiğ, Fəzrəbu buyruldu həqdən, həm buyurdu Mustafa.

Sey – Səvab ola anınçün həq yolunda verdi can, Dərdinə həqdən dəvadır, rəncinə yüz min şəfa.

Cim – Camalın nurudur kim, doğdu məşriqdən tamam, Şö’lə verdi hər dərəcdən şöylə kim, nuri-ziya.

Hey – Həyat irdi ləbindən Xızrü Isa oldu hey, Dərdmənd aşiqlərin dərdinə oldu çün dəva.

Xey – Xəbərdar olmayanın təxtini div aldı div, Bixəbər oldu özündən şöylə qaldı ömrha.

Dal – Dəlil oldu dəhanın rəmzini qıldı əyan Bildi bildirdi rəsulu həm Əliyyəl-Mürtəza.

Zal – Zakir sufilər çox zikrə məşğul oldular, Geydilər şal, işləri al, taəti zərqü riya.

Rey – Rəhmanirrəhim oldu camalın aşiqə, Niçün Adəm dedi, bismillahi-zülfəzlül əla.

Zey – Zahid zöhd ilə bəzətdi tacü xirqəsin, Batini oldu müləvvəs, zikrini qıldı həba.

______________________Milli Kitabxana_______________________

Sin – Səadət darını verdi, Süleyman təxtini, Onlara kim, sidq ilə bu yolda çəkdilər cəfa.

Şin – Şəhid oldu olar kim, həq yolunda öldülər, Qəm yeməz onlar ki, bildi həqdir ona qanbəha.

Sad – Sadiqdir olar kim, səbri qıldı ixtiyar, Dilbərin yolunda gör kim, lütfə irdi daima.

Zad – Zəlalətdən xilas etdi bizi Fəzli-ilah, Cism anındır, nitq anındır, ruh anındır cümləha.

Tey – Tahirdir vücudu onların kim, batini, İçdilər cami-müsəffa, buldular sidqü səfa.

Zey – Zahir gördülər həqqi olar kim, gördülər, Görmiyənlər gözləri kur oldu, şöylə kim, ə’ma.

Eyn – Əyan eynəl-yəqin oldu liqayi-hüsni-dust, Hər kimin həqq gözün açdı gördü didari-xuda.

Ğeyn – Ğeyrətli kişilər qafil olmaz kəndudan, Şərm edər həqdən utanur, nəfsinə verməz riza.

Fi – Fəna darında hər kim bulmaz olursa nəcat, Fikri fasiddir onun kim, ömrünü qıldı həba.

Qaf – Qövseyn oldu qaşın aşiqə mehrablar, Səcdəgah oldu anınçün şahi-cümlə ənbiya.

Kaf – Kəlamüllah ilən səb’ülməsanidir üzün, Zülfü qaşun kirpigindir yeddi ayat xəttiha.

Lam – Ləbin oldu Məsiha çün üzün sübhü nəhar, Zülfünün sirri qəmərdir, üzünün şəmsi züha.

Mim – Mələk surətli dilbərsən, əya bədri-münir, Hüsni-Yusifsən, təcəlli eylədi nuri-xuda.

______________________Milli Kitabxana_______________________

Nun – Nihan oldu ləbindən çeşmeyi-abi-həyat, Hər kim içdi, vacib oldu cənnətül-mə’va ona.

Vav – Vəchin Kə’bəsinə kim ki, qılmadı sücud, Adı div oldu, anınçün qaldı şöylə mübtəla.

Hey – Hidayət eylədi Mehdiyü Qur’ani-mübin, Ol ki, əşya xilqətində bizə oldu rəhnüma.

Yey – Yuvəsvisdən xilas olmaq dilərsən adəmi, Oxu ismi-ə’zəmi kəndözinə urğıl dua.

Lam Əlif – Si hərf olubdur bəlkə simurği-cahan, Bilmədi əslin hürufun kim, dedi bu hərfə la.

Pey – Pənahımdır mənim həq, pərdədarımdır bu dəm, Padşahım, xanım oldur, mənə verdi dəstü pa.

Çim – Çahar ünsür kim, məbdəidürür hər şeyin, Bunda buldu həqqi külli-ənbiyavü övliya.

Jey – vü jalə, çeşmü əbru, zülfü rüx, bu xəttü xal, Müshəfü-həqdir müəyyən gər oxursan taliba.

Gaf – Gönlüdür Nəsiminin məhəbbətdən sərir, Şol şaha kim, kölgəsidir zilli-simurğü hüma.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sidrə – Lotos; İstiva – Ekvator xətti; Şəmşir – Qılınc; Tiğ – Qılınc; Ziya – Parıltı; Dəhan – Ağız; Taət – Din və dünya qaydalarına itaət etmə; Zərq – Hiylə, yaltaqlıq; Zöhd – Asketizm; Müləvvəs – Ləkələnmiş; murdarlanmış; Zikr – Xatırlama, söyləmə; Cami – müsəffa – Saf şərab; Eyn – Göz; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Didar – Görüş; Kəndu – Özü; Ənbiya – Peyğəmbərlər; Kəlamüllah – Allah sözü; Qəmər – Ay; Bədri – müəmməm – Əmmaməli ay; Təcəlli – Əzəmətli zühur etmə; Hidayət – Doğru yolda rəhbərlik; Rəhnüma – Yolgöstərən; Yey – Yaxşı; Çeşm – Göz; Əbru – Qaş; Rüx – Üz; Müshəf – Kitab; Sərir – Taxt, yataq; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.