Ələ alır gəzicək ol güli-rə’na ətəgin
Ələ alır gəzicək ol güli-rə’na ətəgin, Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.
Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün, Götürər, düşməyə qoymaz yerə əmda ətəgin.
Dadlər qılmağa ol kafir əlindən, gecələr Çıxar ahim gögə ta tutə Məsiha ətəgin.
Şamlər qanlu yaşım movcinə, əlbəttə, dəgər, Hər necə kim, götürür çərxi-müəlla ətəgin.
Öylə üryan gərək avareyi-səhrayi-cünun Ki, təəllüq tikəni tutmaya qət’a ətəgin.
Rind xak olsa dəxi, dürdi-xümi-badə olur, Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.
Güllər açıldı, Füzuli, yaxalar çak edibən, Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.
Lüğət: Müəlla – uca, yüksək, ali; Cünun – dəlilik, divanəlik; Dürd – şərabın dibinə çökən torta, xılt