Əgərçi xoşdu mənə ətri, həm səfası gülün
Əgərçi xoşdu mənə ətri, həm səfası gülün, Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Cəfayi-xarı görüb, köçdü bağidən bulbül, Görən kim oldu bu gülşəndə aşinası gülün?
Xəzanə meyl elədi, almadı vəfa nəzərə, Yetişdi bülbülə çox-çox qəmü-cəfası gülün.
Tökür sirişk əvəzində gözüm üzə al qan, Olubdu, çünki könül zarü mübtəlası gülün.
Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf, Qurtarmaz həşrə qədər hali-macərası gülün.
Üzari-alinə baxdıqca qan olur dillər, İlahi, həddən aşıb möhnəti bəlası gülün.
Xəta yoluna düşüb, bülbülə cəfa qıldı, Xətayə saldı özün aqibət, xətası gülün.
Cahanda zərrə qədər olmaz, ey könül, xəndan Ki, xuni-bülbül əgər olmasa qəzası gülün.
Tutardı, xuni-cigərdən olaydı gər sirab, Günəş tək hər tərəfi, Natəvan, ziyası gülün.
Lüğət: Sirişk – göz yaşı Ş; Üzar – yanaq V; Sirab – sudan doymuş; Natəvan – qüvvəsiz, halsız, köməksiz