Əsas məzmuna keç

Qəzəl

Əgərçi ignə tək keçdim cahanın hər nə varindən

Məhəmməd Füzuli

1

Əgərçi ignə tək keçdim cahanın hər nə varindən, Hənuz ardımcadır qeydi-təəllüq zülfi tarindən.

Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur, Nə hasil bivəfa dəhrin həyati-müstə’arindən.

Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariq, Cahanın qəsri-siməndudü kaxi-zərnigarindən.

Görünməz surəti-ümmidi-vəslin lövhi-canımdan, Mükəddərdir məgər ol ayinə cismim qübarindən?

Uzanır rişteyi-tuli-əməl didar zövqilə, Xəm açıldıqca ol gülçöhrə zülfi-tabdarindən.

Sənədir iqtidası tovfi-kuyi-Leyli etməkdə, Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarindən.

Füzulidən məlamət ehtirazın istəyən guya Degil vaqif dili-suzanü çeşmi-əşkbarindən.

Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Siməndud – gümüş suyuna çəkilmiş; Lövh – lövhə, səhifə. M; Naqə – dişi dəvə, maya

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.