Əsas məzmuna keç

Qəzəl

Əgər rüsvayəm aləmdə, ona olmuş fəğan bais

Məhəmməd Füzuli

1

Əgər rüsvayəm aləmdə, ona olmuş fəğan bais, Fəğanə suzişi dil, suzişi-qəlbə fəğan bais.

Xəmi-əbrulərindəndir ki, qəmzən könlümü dəldi, Bu adətdir, olar ox zəxminə daim kaman bais.

Könül həqsiz deyil, hərdəm tökərsə çeşmimin qanın Ki, dərdi-eşqimə olmuş bu çeşmi-xunfəşan bais.

Açılmaz qönçə, gər gül yarpağı olmazsa qəlbində, Olubdur sinəmi çak etməyə dərdi-nihan bais.

Xəti-ruyin tapar rövnəq həmişə göz yaşından, çün Olar nəşvü nümayi-səbzəyə abi-rəvan bais.

Axıb seyli-sirişkim, başımı yoldan götürsün kaş Ki, olmuş kuyinin qovğasına bu üstüxan bais.

Füzuli, hər kəsin dünyadə vardır eşqdən zövqü, Vücudi-aləmə eşqü məhəbbətdir olan bais.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.