Əgər ölmüşsə Məcnun, qalmışam mən yadigar ondan
Əgər ölmüşsə Məcnun, qalmışam mən yadigar ondan, Gedibsə Kuhkən, qalmış mənə indi bu kar ondan.
Könül razı deyil əğyar onun kuyində can versin, Gözümdə qorxum ondandır ki, əyləşsin qübar ondan.
Sirişkim əks edib müjgan oxun, ey mərdümi-qafil, Sənə qoy yetməsin vəhm ilə tiği-abdar ondan.
Ləbindən bircə an kam almadı canım, nə gündür bu, Bu da bir ömrmü – daim mən oldum şərmsar ondan.
Fələk ahimdən olmuş pürşərər, bir kami-dil verməz Ki, qorxur rövnəqi itsin bir an olsa kənar ondan.
Cahan cahindən ötrü tərki-dünya eyləyir zahid Ki, dünya tərkin etməklə azalmır etibar ondan.
Uzaqlaşmış Füzuli indi kuyindən, daha bir də İtin duymaz qopanda naleyi-biixtiyar ondan.