Əsas məzmuna keç

Qəzəl

Əgər bülbül o zülfi-müşki-tərbaranı görsəydi

Məhəmmədəli Şəfai

2

Əgər bülbül o zülfi-müşki-tərbaranı görsəydi, Gülə meyl eyləməzdi, ol güli-hümranı görsəydi.

Vuruldum öylə bir şuxi-mələksimayə bənd oldum, Keçərdi huridən zahid o dilaranı görsəydi.

Xəta ahuları ardınca ovçu bir də gəzməzdi, Bizim ovlaqdakı bu sürməgöz ceyranı görsəydi.

Sədayi-eşqinə Fərhad ar eylərdi fəxrindən, Bu şirin ləblər eşqində məni-heyranı görsəydi.

Vüsali-yari bunca arizu etməzdi eşq əhli, Vurulmazdan o bir an möhnəti-hicranı görsəydi.

Xərabə tərk olub, bayquş yuva eylərdi başımda, Şəbi-hicran əgər bu xatiri-viranı görsəydi.

Görüb Leylanı Məcnun düşdü səhrayə, cünun oldu, Nolurdu bəs o biçarə pəri Suğranı görsəydi.

Cahanda sevgisiz, qəlbi qara qalmazdı bir dəyyar, Məhəbbət bayrağı, sülh aşiqi şuranı görsəydi.

Şəfai, kimsə etməzdi şikayət dövri-dünyadan, Bizim azadə bu dünyanı, bu dövranı görsəydi.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.