Dustlər, mən görən ol dilbəri-ziba kim idi
Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dağıdan gül üzünə zülfi-mütərra kim idi?
Mən ki, bihuş düşüb, görcək özümdən getdim, Siz ki, huşyardız, ol afəti-dünya kim idi?
Nə könül qoydu, nə can məndə, nə səbrü, nə qərar, Etdi qarət məni, ol şahidi-yəğma kim idi?
Ol üzü cənnəti mən bilməsəm adəm degiləm, Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?
Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik, O bizə saqi olan yari-dilara kim idi?
Doldu ənvari-məhəbbətlə genə sinə bu gün, Göstərən vadiyi-Sinadə təcəlla kim idi?
Bu nə bəhcət, nə səfadır, nə sürurü, nə bəha, Sizi tari, o nigari-fərəhəfza kim idi?
Kimdi bu məclisi-ürfanı bu şurə gətirən, Dövri-sağərlə verən badeyi-səhba kim idi?
Gəldi göftarə ləbi, aləmi ehya elədi, Bu necə ruh idi, aya bu Məsiha kim idi?
Çeşmi-Qibti nə bilir xilqəti-Harun sirrin, Nə bilir dəhrdə Firon ki, Musa kim idi?
Olmasan badiyeyi-eşqdə Məcnun əgər, Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi?
Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif, Bilisən onda ki sən, Adəmü Həvva kim idi.
Həq zühurunda hələ yolda qalıb iki gözüm, Bəs o həq məzhəri ayineyi-ülya kim idi?
Qürrətül-eynüvə ömründə degilsən vaqif, Görə bilməz ki, cəmali-həqə bina kim idi.
Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil, Gör kimə tabe olursan, sizə mövla kim idi?
Neçə gün aləmi-nasutə gəlib oldu müqim, Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?