Əsas məzmuna keç

Qəzəl

Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə

İmadəddin Nəsimi

1

Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə, Təaləllah, zəhi sünbül, təaləllah, zəhi sayə!

Nəzirin yazamaz ayruğ əzəl nəqqaşı rüxsarın Ki, hüsnün dövri xətm oldu bu rüxsari-dilarayə.

Qaşın me’racinə sufi irişmək istər, ey huri, Vəli hər qasir idrakın ürucu irməz ol yayə.

Üzün vəş-şəmsü yasindir, müsənna kirpiğin taha, Tanıqdür əlləzi-əsra bu me’racü bu əsrayə.

Rüxün əsmayi-hüsnadır, təala şanəhu, gör kim, Nə ehsan eyləmiş möhsin bu hüsni-surət-əsmayə.

Saçındır leylətül-əsra, qaşın əsrari-ma əvha, Qanı həqdən irişmiş can bu ma əvhayü əvhayə.

Vüsalın qiyməti dürdür, nəhayətsiz dəniz eşqin, Bu dürrün kanın ol buldu ki, qərq oldu bu dəryayə.

Rüxün rəngi, saçın buyi nə ziba rəngü budur kim, Gülü gülzarə göndərdi, buraxdı mişki səhrayə.

Gəl ey tuba, sücud eylə bu siminbər səhi sərvə Ki, əmri-əscədü gəldi bu rə’na qəddü balayə.

Pərişan zülfünün halın nedirsən bilmək, ey aqil? Bu sevda incə sevdadır, dolaşma sən bu sevdayə.

Saçın vəslindən ol aşiq həyati-cavidan buldu Ki, təslim eylədi canın bu reyhani-səmənsayə.

Münəvvər əbhərin türkü evin yəğmaladı əqlin, Moğol hər qanda varırsa düşər taracü yəğmayə.

Nəhəngi-məcməül-bəhreyn xüruç etdi məkanından, Sədəf ağzındakı dürrü buraxlı qə’ri-dəryayə.

Bu gün şol mahi-tabanın üzün gör zahir, ey abid Ki, məhrum oldu ol xasir ki, məğrur oldu fərdayə.

Nəsimi çün səni buldu, dü aləmdən vəhid oldu, Kəsildi mavü mənlikdən, ulaşdı zati-yektayə.

Lüğət: Zəhi – Afərin; Sayə – Kölgə; İrişmək – Çatmaq; Qasir – Sayğısız, zəif; Tanıq – Şahid; Əsma – Adlar; Əsrar – Sirlər; Qiyməti – ərzan – Baha qiymət; Dəni – Alçaq; Ziba – Gözəl; Bala – Hündür, uca; Sevda – 1. Öd. 2. Məhəbbət; Münəvvər – Nurlu; Əbhər – Şah damar; Yəğma – Qarət; Şol – O; Mahi – Balıq; Xasir – Uduzan, zərər çəkən; Fərda – Sabah

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.