Düşmüşəm eşqüvə canan, ölürəm dərdündən
Düşmüşəm eşqüvə canan, ölürəm dərdündən. Eylə bu dərdimə dərman, ölürəm dərdündən.
Şəm tək həsrəti-ruyunlə vücudim əriyib, Qalmayıb məndə dəxi can ölürəm dərdündən.
Gözəlim, rəhm elə yandırma fərağında məni, Çox çətindir qəmi-hicran, ölürəm dərdündən.
Sən mənim bağı-həyatım gülüsən, bülbülünəm, Ey qara telləri reyhan, ölürəm dərdündən.
Kipriyin oxlarını çəkmə dili-zarımdan, Qaşların tiğinə qurban, ölürəm dərdündən.
O xumar gözlərinin aşiqi-məstanəsiyəm, Olmuşam xalına heyran, ölürəm dərdündən.
Demirəm gül yanağından, gəl ayağından öpüm. Xaki-payündə verim can, ölürəm dərdündən.
Lütfünü kəsmə Şəfaidən, o zülfünlə gülüm Xalını eyləmə pünhan, ölürəm dərdündən.