Əsas məzmuna keç

Qəzəl

Düşdü könül ala gözün ağınavü qərasinə

İmadəddin Nəsimi

1

Düşdü könül ala gözün ağınavü qərasinə, Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə?

Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə, Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?

Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim, Eyləmişəm fəda anın canımı hər bəlasinə.

Çünki cəfasız, ey könül, kimsə murada irmədi, Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə.

Nurü səfa içindəyəm qərğə, vəli, bu haləti Ol nə bilir ki, düşmədi mehri-rüxün həvasinə.

Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa, Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə.

Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək, Düşməsin arisiz nəzər ayinənin səfasinə.

Dilbər əlində aşiqin qətli nədən həram ola, Aşiqə çün həlal edər vəslini qan bəhasinə?

Çün bu yalançı dünyanın aqibəti fəna imiş, Keç qamudan Nəsimitək, baxma anın bəqasinə.

Lüğət: Dur – Uzaq; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.