Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir
Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir? Günbədi-çərxi-fələk, gərdişi-dəvvar nədir?
Bu doquz çərxi-müəlləq nədən oldu tərtib, Fələk altında dönən kövkəbi-səyyar nədir?
Musiyü Tür nədir, Şibliyü Mənsur nədir, Əjdəha olan ağac, riştə ilən dar nədir?
Fələkin əsli nədəndir, mələkin nəsli nədən, Adəmin surətinə bunca tələbkar nədir?
Kə’bəvü deyr nədir, qeyr nədir, seyr nədir? Məscidü bütkədəvü xirqəvü zünnar nədir?
Elmü-Qur’anü hədisü xəbərü və’z ilə dərs, Cümlə bir mə’ni imiş, bunca bu təkrar nədir?
Dinü imanü namazü həcü ərkanü zəkat, Zöhdü təqvavü şəriət, qamu göftar nədir?
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir, Ol nə bilsin özünü, bilmədi kim, nar nədir?
Bir məgəs təb’inə bax, bal nədən, zəhr nədən, Yenə bir yerdə əcəb, mal nədir, mar nədir?
Odü su, torpağü yel adı nədəndir adəm? Ana səcdə nə üçün, iblisə inkar nədir?
Günəşin qürsü nədən yer üzünə şö’lə verir, Ya bu bir məş’ələdə nur nədir, nar nədir?
______________________Milli Kitabxana_______________________
Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü, Kəndisin anlamayan bilmədi hər kar nədir.
Gəlgil, ey dust, qamu müddəilər korluğuna, Sana asan qılayım, bunca bu düşvar nədir?
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir, Surəti-şəm’idə bu pərtövi-ənvar nədir?
Tərk evində sən əgər həmçü Nəsimi olasan, Bir gün ola deyəsən, cübbəvü dəstar nədir?
______________________Milli Kitabxana_______________________
Lüğət: Müəlləq – Asılmış; Kövkəb – Ulduz; Riştə – Ip, sap; Dar – Ev; Deyr – Monastır, hücrə; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Zöhd – Asketizm; Nar – Od; Məgəs – Milçək; Arı; Mar – İlan; Qürs – Disk, dairə L; Nur – İşıq; Kar – İş; Düşvar – Çətin E; Pərtöv – İşıq, parıltı; Ənvar – Nurlar