Əsas məzmuna keç

Qəzəl

Dün qismət oldu çeşmimə xalın nəzarəsi

Seyid Əzim Şirvani

1

Dün qismət oldu çeşmimə xalın nəzarəsi, Sandım yanıbdı çərxdə bəxtim sitarəsi.

Yüz gün salır arayə fələk səngi-təfriqə, Saz olsa bir gün aşiqü məşuqun arəsi.

Məndən ayırdı çərx o qaşı hilalımı, Yandırsa çərxi, var yeri, ahım şərarəsi.

Dün gecə xəttü xalüvə baxdım o qədr kim, Ey zülfi-qarə, gözlərimin getdi qarəsi.

Getmək qaşın xəyalı könüldən məhaldır, Məhşər ola sağalmaz o şəmşir yarəsi.

Bimari-eşqə vermə davalər əbəs, təbib, Ölməkdən özgə yoxdu onun hiç çarəsi.

Ol qaşı yayın oxlarını çəkmə sinədən, Çəksən salır cahanə xələl qan fəvarəsi.

Ağzın xəyali etdi vücudum ədəm, mənim Yox özgə bir qəmim, bu sözün aşkarəsi!

Bir zəxmi-cansitanla məni eylədi həlak, Can verdi, Seyyida, genə zəxmi-dübarəsi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.