Əsas məzmuna keç

Qəzəl

Dün gecə yarımla söhbət məclisi-meyxanədə

Məhəmmədəli Şəfai

5

Dün gecə yarımla söhbət məclisi-meyxanədə, Bir məqamə yetdi ki, məst oldu mey peymanədə.

Ətrbar oldu o bəzmə söhbəti-ruhanimiz, Qalmadı nitq aşinadə, nə nəfəs biganədə.

Aləmi-heyrətdə dəryayi-sükutə qərq olub Matü-məbhut oldu hər nə var idi meyxanədə.

Ərz qıldım yarə, ey şəkkərləbü şirin zəban, Varmıdır eşqində bir nöqsan məni-divanədə?

Eşq şərtindən deyil divanə olmaq, söylədi Qoy deyilsin Leyli-Məcnun söhbəti əfsanədə.

Naləi-bica nədir, cananə can vermək gərək, Sübhə tək bayquş da fəryad eyləyir viranədə.

Bülbülə aşiq deyil, şeyda eşitdim söylənir, Eşqi amma öz gözümlə görmüşəm pərvanədə.

Şöləi-şəmə yanıb balü pəri, ol binəva Nalə etməzdən düşüb, can verdi payi-lanədə.

Zahid, əl çək məndən, ətrin almışam mən cənnətin, Zülfi-ənbərbari-dilbərdən düşən bir şanədə.

Vəslət istərsən Şəfai, kəs əlayiq qeyrdən, Ol ərusi-eşqlə həmdəm, məhəbbətxanədə.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.