Dün gecə sübhə kimi bəxt mənə yar olaraq
Dün gecə sübhə kimi bəxt mənə yar olaraq, Gəldi öz yarı ilə evmizə bir laləyanaq.
Yarı ay, dilbər özü nurlu günəşdən də gözəl, Görməmişdi bu cahanın gözü göyçək bu sayaq.
Qaməti sərvi-xuraman, yerişi bir can alan, Gül üzündən utanıb söndü hamı lampa-çıraq.
O bulud saçlarını naz ilə üzdən götürüb. Gün tülu etdi, günüzlər tək işıqlandı otaq.
Qaşların gördüm onun qətlimə çəkmiş xəncər, Ox kimi qəlbimi kiprikləri dəldi bataraq.
Məni məst eylədi məstanə xumar gözləri tək, Görünürdü mənə çün ləl kimi qönçə dodaq.
Dedim—ay qız nə gözəlsən, de mələksənmi? dedi, Əhmədin yarı kələntərli Hümeyrayam bax.
Bir də baxdıqda özümdən gedib oldum bihuş, Sübh ayıldım, dedilər getdi o izzətli qonaq.
Ey Şəfai, daha ondan sonra axtarma gözəl, Bilmə dünya anası bir də Hümeyra doğacaq.