Əsas məzmuna keç

Qəzəl

Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi

İmadəddin Nəsimi

1

Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi, Leykin ol xunxarə gözlər uyxudan məxmur idi.

Gözlərin süzmüş və üzmüş canını aşiqlərin, Asılı zülfündə yüz min Şiblivü Mənsur idi.

Sözlərindən zahir oldu şol Məsihin mö’cüzat, Dodağından bir işarət aşiqə pək dur idi.

Hüsnü lövhündə yazılmış xubların şahı, deyü, Sümmə ənşə nahu xəlqən axərin məşhur idi.

Zülfü sübhanəlləzi-əsra, biəbdi ayəti, Yanağı üzrə müsəlsəl xətt ilə məstur idi.

Boyu tuba, üzü cənnət, adə kəlurcun qaşı, Gözləri vənnəcm, anın sinəsi vəttur idi.

Həmnişin idi Nəsimi dün gecə bir yar ilə, Könlü şadü vəxti xürrəm, məclisi pürnur idi.

______________________Milli Kitabxana_______________________

Lüğət: Məxmur – Sərxoş, xumar; Şol – O; Dur – Uzaq; Məstur – Gizli

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.