Dün eşitdim bir siyəhzülfə giriftar olmusan
Dün eşitdim bir siyəhzülfə giriftar olmusan, Ey mələksurət, mənimtək aşiqi-zar olmusan.
Vermisən bir səngdil dildarə nazik könlüvü, Sən məgər könlündən, ey məhparə, bizar olmusan?
Çəkmisən canan cəfasın, görmüsən hicran qəmin, Şükr-lillah, halıma, ey gül, xəbərdar olmusan.
Görmüsən ayineyi-vəchində əksi-surətin, Taqətü huşün gedib, bir nəqşi-divar olmusan.
Şövqi-ləlindən onun, ey xosrovi-şirinzəban, Seyyidi-şirin-süxəntək sahibəşar olmusan.