Dövlətin dövranı gəldi, dərdə dərman buldum uş
Dövlətin dövranı gəldi, dərdə dərman buldum uş, Şövqə yanmış cana həqdən abi-heyvan buldum uş.
Küfrüm ol mahın qara saçıdır, imanım üzü, Ey bilən ümanü küfrü, küfrü iman buldum uş.
Eylədi könlümdə mə’va şol cəmalın gənci kim, Kə’bənin gənci budur, şol gəncə viran buldum uş.
Ey məni də’vət qılan yarın günün cənnatına, Mən bu gün şol xaki-dərgahı gülüstan buldum uş.
Ey behiştin hürisin arzulayan, gör şol məhi Kim, mələk insan ilə hüsnündə heyran buldum uş.
Zülfünün şamında, yə’ni leylətül-qədrü bərat Təl’əti-şəmsüzzühanın mahi-taban buldum uş.
Kirpigi, qaşı, saçı Qur’andır anın, üzü lövh, Müshəfi itirmə, ey hafiz ki, Qur’an buldum uş.
Gər inanmazsan ki, adəm məzhəridir tanrının, Həq-təalanın sözündən necə bürhan buldum uş.
Ey qaşın mehrabü, üzün qiblə iman əhlinə, Mən anın qurbanı oldum, eydə qurban buldum uş.
Zülfüdür aşiqlərin halın pərişan eyləyən, Şol səbəbdən dilbərin zülfün pərişan buldum uş.
Surətin əsrarına vəqf eylədim könlüm, vəli Kə’bənin gəncidir ol kim, gəncə viran buldum uş.
Ey Nəsimi, dilbərin vəchi kəlamullah imiş, Mən onun vəchində bismillahir-rəhman buldum uş.
Lüğət: Şol – O; Gənc – Xəzinə; Yarın – Səhər; Şəmsüzzüha – Səhər günəşi; parlaq günəş; Mahi – Balıq; Müshəf – Kitab; Bürhan – Dəlil, sübut