Əsas məzmuna keç

Qəzəl

Dodağın qəndinə şəkər dedilər

İmadəddin Nəsimi

1

Dodağın qəndinə şəkər dedilər, Cani-şirinə gör nələr dedilər?

Dedilər kim, dəhanı yoxdur anın, Bixəbərlər əcəb xəbər dedilər.

Can demişlər dodağına, hey-hey, Bu sözü gör nə müxtəsər dedilər.

Şama bənzətdilər qara saçını, Arizin nuruna səhər dedilər.

Əhli-mə’ni xücəstə surətinə Mə’niyi-vahidüssüvər dedilər.

Ənbərəfşan saçınla arizinə Yasəmin üzrə müşki-tər dedilər.

Şəbi-yeldadurur saçın gecəsi, Surətin bədrinə qəmər dedilər.

Kirpigin oxuna, qaşın yayına Aşiqin sinəsin sipər dedilər.

Bax anın üzünə, Allahını gör, Əhli-mə’ni budur nəzər dedilər.

Həqdən olmuş irağ anlar kim, Səni, ey nuri-həq, bəşər dedilər.

Ey Nəsimi, mühiti-ə’zəmsən, Gərçi əlfazına göhər dedilər.

Lüğət: Dəhan – Ağız; Ariz – Üz; Xücəstə – Yetkin, ağıllı; Ənbərəfşan – Ənbər saçan; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.