Əsas məzmuna keç

Qəzəl

Dişlərin nəzminə dürdaneyi-gövhər dedilər

İmadəddin Nəsimi

1

Dişlərin nəzminə dürdaneyi-gövhər dedilər, Göricək üzünü xalq, ayəti-əkbər dedilər.

Yazıcaq surətini müxtəreyi-nəqşi-vücud, Yerü gög xalqı ana ruhi-müsəvvər dedilər.

Kirpigindən dilədim könlümü, qaşınla gözün Qoymadı bizdə anı zülfi-müənbər, dedilər.

Sordum ərvaha üzün vəsfini hərfən-hərfa, Kimsənin şərhinə gəlməz bu güli-tər dedilər.

Ləbini canlara sordum ki, nədəndir əsli, Ruhi-qüdsi dəm ilə, nuri-mütəhhər dedilər.

Gərçi sərfitnə saçındır qəmərin dövründə, Fitnənin mərkəzi şol xali-müdəvvər dedilər.

Gər desəm zülfünə mürsəl, nə əcəb, ya hadi, Mö’cüzat əhlinə hadiyü peyəmbər dedilər.

Gərçi zülmata saçın dalıdır, ey fitnə, dəlil; Aşiqə şəm’i-rüxün nurunu rəhbər dedilər.

Rövşən oldu yerü gög mehri-rüxün nurundan, Bu cəhətdən üzünə mehri-münəvvər dedilər.

Gülə əl sunmasın ol kim, tikənindən üşənür Kim, bu həmra gülünün xarına xəncər dedilər.

Dedilər qəndü şəkər lə’linə, yarəb, nə üçün Kövsərin şərbətinə qənd ilə şəkkər dedilər.

Cənnətin xəmri ləbin rahıdır, ol mə’nidən Səlsəbil oldu ləbin, adına kövsər dedilər.

Sana günəş kimi, ey fitnə, sücud eyləyənin, Əxtərü taleyi məs’udü müzəffər dedilər.

Ey Nəsimi, nədir ayrux diləyin həqdən kim, Nə ki həqdən dilədin, oldu müyəssər, dedilər.

Lüğət: Müsəvvər – Təsvir edilmiş; Ərvah – Ruhlar; Qəmər – Ay; Şol – O; Mürsəl – Peyğəmbər; Hadi – Düz yolla aparan; Rövşən – İşıqlı; Münəvvər – Nurlu; Xəmr – Şərab; Əxtər – Ulduz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.