Əsas məzmuna keç

Qəzəl

Dinlə könlüm, dinlə gör nə xoş nəvadır musiqi

Məhəmmədəli Şəfai

2

Dinlə könlüm, dinlə gör nə xoş nəvadır musiqi, Qəlb açan, ruh artıran bir dilgüşadır musiqi.

Bəzmi-eşqə dürlü ahənglərlə şurəngiz olan, Bülbüli-bağı-səfa, ruhə qidadır musiqi.

Dinlə ta gülsün könül gülzarı, açsın lalələr, Gülşəni-qəlbə nəsimi-canfəzadır musiqi.

Türfə bir ruhani aləmdir ki, seyrində onun Çox səfalar var, bir özgə basəfadır musiqi.

Hər kəs öz ürfanı şövqi qədri ondan zövq alır. Zövqsizlərlə düşünmə, aşinadır musiqi.

Musiqi qədrin nə bilsin, zövqsiz biruhlər, Eşq bazarında gövhərdən bahadır musiqi.

Dinlə onu şad günlər, yar həmdəmdir sənə, Qəm günü bir həmzəbani-bavəfadır musiqi.

Toyda şad, matəmdə qəmgin, güldürür, həm ağladır, Var ləyaqət onda, hər bəzmə səzadır musiqi.

Məclisi-mey, xəlvəti-canan, seyri bağı-gül, Onlara zinət verən rövnəqətadır musiqi.

Rəqsə rəqqası edər təhrik o biixtiyar, Mənəvi təsirilə surətnümadır musiqi.

Hər sədası ayrılıqlardan şikayətdir bütün, Hər nəvası eşqdən bir macəradır musiqi.

Bir çırağı-pişrövdür, göstərir rahi-tərəb Aşiqü xanəndələrçün rəhnümadır musiqi.

Afərin, yüz mərhəba, ey musiqi xadimləri, Bəh-bəh, eşq olsun sizə, sizlə binadır musiqi.

Çal müğənni, çal vətən ahənglərindən şövqilə, Xəlq zövq alsın, deyilsin xoş nəvadır musiqi.

Xəstəi-eşqəm, Şəfai, yox mənə özgə əlac, Dərdi-bi-dərmanıma yalnız şəfadır musiqi.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.