Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz
Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz; Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.
Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdə O əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz.
Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil, Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz.
Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi, Və illa zövqi-xatir badəvü peymanədən gəlməz.
Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən, Nə mane var dəxi, ol şuxi-bipərva nədən gəlməz?
Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə, Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz.
Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz.