Əsas məzmuna keç

Qəzəl

Dilbəstə olmasaydım əgər zülfi-yarə mən

Seyid Əzim Şirvani

1

Dilbəstə olmasaydım əgər zülfi-yarə mən, Çox da bu gunə olmaz idim bəxtiqarə mən.

Ağazi-ülfətimdə görən lütfü yardən, İndi rəqib ilə görürəm aşkarə mən.

İstər cüda həmişə o məhparədən məni, Bilməm nə etmişəm fələki-kəcmədarə mən.

Əğyarə iltica edirəm indi hicrdə, Qaldım qəmində gör nə yaman ruzgarə mən.

Ey dərdü qəm, qoyun məni bir öz qərarimə, Bir çarə eyləyim bu dili-biqərarə mən.

Ol lələrüx fəraqı ilə əşki-aldən Döndərmişəm cahanı bu gün laləzarə mən.

Gördüm ki, ülfətimdən edər ar dilbərim, Çəkdim özümü, Seyyid, o güldən kənarə mən.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.