Əsas məzmuna keç

Qəzəl

Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm

İmadəddin Nəsimi

1

Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm, Mə’dəni-ruha, əcəb, mən nə üçün can demişəm?

Xəcil oldum bu səbəbdən ki, nigarın üzünə İrəmin gülşəniyü rövzeyi-rizvan demişəm.

Sənsən, ey surəti-Allah ilə rəhman, məscud, Qılmayan səcdə sana, div ilə şeytan demişəm.

Lövhi-məhfüz ilə ərş oldu yanağın sifəti, Mən bu mə’nidən ana surəti-rəhman demişəm.

Sürətin əhsəni-təqvimü üzün qiblə imiş, Bu sözə yox deyənin adını heyvan demişəm.

Surətin münkirinə kafirü məl’un dedi həq, Nə ki, ana dedi həq, mən iki çəndan demişəm.

Güli-xəndan deməzəm qönçəyə ayrux, nə üçün Ki, yanağın güli-xəndanına xəndan demişəm.

Sədəfin içinə kar eylədi, incu əridi Ki, ləbin cövhərinə lə’li-bədəxşan demişəm.

Demə hər tikənə sən bağü gülüstan, əbsəm Ki, mən ol arizi-gülguna gülüstan demişəm.

Zülfünü nafeyi-tatara bəha qılma ki, mən Qiymətin hər qılının mülki-Süleyman demişəm.

Ey Nəsimi, sana çün Fəzli-ilah oldu müin, Məni eyb eyləmə kim, tapuna sultan demişəm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Dəni – Alçaq; Rizvan – Cənnət; Çəndan – O qədər; Kar – İş; Əbsəm – Lal; Ariz – Üz; Qiyməti – ərzan – Baha qiymət; Müin – Köməkçi

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.