Əsas məzmuna keç

Qəzəl

Dilbəra, dərdi-dilimdən belə ünvan etdim

Xurşidbanu Natəvan

1

Dilbəra, dərdi-dilimdən belə ünvan etdim Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin, bilirəm, həşrə kimi, Ol səbəb məskənimi kuhu biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib, Etmədim tərki-vəfa, taəti-fərman etdim.

Səri-kuyində qoyub başimi, bir uf demədim, Səri-sidq ilə canimi qurban etdim.

Ya təbib, adını tərk eylə, təbabət etmə! Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb! Ki, mən öz qanim ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı, Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Natəvan, etmədi ol səngdilə naləm əsər, Gecə-gündüz nə qədər naləvü əfqan etdim.

Lüğət: Hicr – ayrılıq; Taət – itaət; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.