Derlər ki, xəlq üç yüz ili Adəm ağladı
Derlər ki, xəlq üç yüz ili Adəm ağladı, İnsaf etməyib babamız, çox kəm ağladı.
Olsa həyatım ağlar idim ruzi-həşrətək, Üç yüz ilin nə behcəti kim, Adəm ağladı?
Mən ağlayanda Kövsərə yüz verdi yüz məlal, Kəbə geyib libasi-qəra, Zəmzəm ağladı.
Gəh övcü gəh həzizdə gördü fəğanımı, Mütrüb nə vəqt eylədi zilü bəm, ağladı.
Düşdüm cüda çü cənnəti-kuyindən ol məhin, Halimə oldu cinnü pəri həmdəm, ağladı.
Göz yaşı ilə xürrəm o sərvi edib könül, Bir ləhzə görmədi özünü xürrəm, ağladı.
Gördü gözüm ki, yarı gəlir ağlayanda mən, Seyyid kimi sirişk töküb peyhəm ağladı.