Əsas məzmuna keç

Qəzəl

Dərdü fəraqə düşdü can, ahü fəğan içindədir

İmadəddin Nəsimi

1

Dərdü fəraqə düşdü can, ahü fəğan içindədir, Sən bu əzabü atəşi gör ki, bu can içindədir.

Şövqə buraxma könlümü, çün sana rövşən oldu kim, Necə qəm ilə, hüznilə dərdi-nihan içindədir.

Vəsli-rüxündən özgə mən kövnü məkana baxmazam, Gərçi xücəstə vüslətin kövnü məkan içindədir.

Eynim içində qamətin sidrəsi məskən eylədi, Sidrə həm anda yaraşır k’abi-rəvan içindədir.

Çərxə çıxardı ahımı, canımı yandırır qəmin, Gör necə nar imiş qəmin kim, bu düxan içindədir.

Yarımı məndən ayıran hacəti hasil olmasın, Assı sanan bu işi gör kim, nə ziyan içindədir.

Səndən əgərçi düşmüşəm ayru, səninləyəm yəqin, Ol nə bilir bu rəmzi kim, zənnü güman içindədir.

Halımı sənsiz, ey sənəm, bilməz isən, gəl üştə gör, Könlümə baxü bağrımı gör ki, nə qan içindədir.

Vəsli-rüxün bahasına versəm əgər ucuz ola! Canü cahanü hər nə kim, iki cahan içindədir.

Silsiləsində zülfünün can vətən eylədi neçün, Yə’ni ki, canımın yeri səhni-cinan içindədir.

Oldu Nəsimi, ey qəmər, hüsnünə fitnə, neyləsin Fitneyi-axirəzzaman çün bu zaman içindədir.

Lüğət: Rövşən – İşıqlı; Xücəstə – Yetkin, ağıllı; Sidrə – Lotos; Nar – Od; Ziya – Parıltı; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.