Əsas məzmuna keç

Qəzəl

Demək hali-dili-zarı o gülrüxsarə müşküldür

Seyid Əzim Şirvani

1

Demək hali-dili-zarı o gülrüxsarə müşküldür, Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür.

Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani, Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür.

Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid, Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür.

Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə, Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür.

Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol, Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür.

Rəqiba, şöleyi-nari-fərağından hərasım yox, Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür.

Qəmi-dildarı pinhan saxla dildə candan, ey Seyyid Ki, məhrəm eyləmək biganəni əsrarə müşküldür.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.