Əsas məzmuna keç

Qəzəl

Dedim: ey sevgili yar, qıl mənə bir busə kərəm

Məhəmmədəli Şəfai

4

Dedim: ey sevgili yar, qıl mənə bir busə kərəm, Dedi: bu eşqdə sabitqədəm olsan, verərəm.

Dedim: öpsəm nə olur, qönçə dodağın, güldü, Dedi: yox-yox hələ əsrarə deyilsən məhrəm.

Dedim: almaq dilərəm, lalə yanağından kam, Dedi: izn eyləsə xalım, ona bir söz demərəm.

Dedim: ol zülfi-siyahın nə qaranlıq gecədir, Dedi: bax hüsnümə, gör bir nə işıqlı səhərəm.

Dedim: ağuşuma gəl, istədi gəlsin, utanıb Dedi: bu barədə əfv eylə məni, məzurəm.

Dedim: öz aşiqinəm, qaçma nigarım, məndən, Dedi: ahular edər ovçudan əlbəttə ki, rəm.

Dedim: ahu nəçidir, sən ki maralsan, gözəlim, Dedi: olsam da gözəl bir maral, ahu nəzərəm.

Dedim: hicrinlə könül istəmə qəmnak olsun. Dedi: səbr eylə Şəfai, olacaqsan, xürrəm.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.