Əsas məzmuna keç

Qəzəl

Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə

Seyid Əzim Şirvani

1

Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə, Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə.

Degiləm, iki gözüm olsa da, mən xatircəm, Ey gözüm nuri, gözümdən belə pinhan gəzmə.

Xatəmi-ləlüvə ta yetməyə Əhrimən əli, Ey pəri, yarın əgər olsa Süleyman, gəzmə.

Çıxma yarım, gecələr tışra sən əğyar ilə, Qorxuram hüsnüvə, ey məh, yetə nöqsan, gəzmə.

Danışırlar hamı, el ağzını tutmaq olmaz, Ey güli-qönçədəhən, xar ilə hər yan gəzmə.

Faş olan nüktədi qeyr ilə dəhanın sirri, Sanma ol nüktə səri-mu qala pinhan, gəzmə.

Getmə cəmiyyəti-əğyarə sən, ey zülfi siyah, Seyyidi-zarı edib halı pərişan, gəzmə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.