Əsas məzmuna keç

Qəzəl

Dedim: ey qarə göz, heç olmasa bir ləhzə gözdən keç

Məhəmmədəli Şəfai

2

Dedim: ey qarə göz, heç olmasa bir ləhzə gözdən keç, Dedi: axtardığın yox bizdə, ey divanə, bizdən keç.

Dedim: izn eylə bari üz qoyum kuyunda toprağa, Dedi: nə kuyimə gəlmə, nə də bir küçəmizdən keç.

Dedim: dəryayi-eşqin çox dərindir, qərq olub çoxlar, Dedi: get üzmək öyrən, yoxsa ey biçarə, üzdən keç.

Dedim: neylim ki, dünyanın mənə boş-bərki xoş keçsin, Dedi: boş olma əhdində, danışma bərk sözdən keç.

Dedim: keçsəm nolur canan yolunda nəqdi-canımdan, Dedi: yandırmamış pərvanəni ey şəm, tezdən keç.

Dedim: ömrün çatıb həştadə ey dil bu nə sevdadır, Dedi: hicran qəmin çəkmək üçün ey ömr, yüzdən keç.

Dedim: söylə, Şəfai, bu gözəllərdə vəfa varmı? Dedi: varsa çox azdır, gəl bu sözdən ötrü, bizdən keç.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.